27 yanvar 2021-ci il tarixdə Babək Rayon Uşaq-Gənclər Şahmat Məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Babək Rayon Bölməsinin, Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər Şahmat Məktəbinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilmişdir. Yarış başlamazdan öncə çıxış edənlər bildirib ki, birinciliyin keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında şahmat idman növünə marağın artırılması, məktəblərarası idman əlaqələrinin inkişaf etdirilməsi, istedadlı zəka sahiblərini üzə çıxarmaq və şahmatın kütləviliyinə nail olmaqdır. Qeyd olunub ki, muxtar respublikada olduğu kimi Babək rayonunda da şahmat idman növünün inkişafı diqqətdə saxlanılır və mütəmadi olaraq yarışlar təşkil olunur. Daha sonra birinciliyə start verilib. Rayon ümumtəhsil məktəblərinin komandaları arasında keçirilən birincilikdə hər komandada 4 məktəbli olmaqla 40 zəka sahibi mübarizə aparıb. Birinciliyin sonunda I yerə Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbin komandası, II yerə Babək şəhər 1 nömrəli tam orta məktəbin komandası, III yerə isə Şəkərəbad kənd tam orta məktəbin komandası layiq görülüb. Sonda qalib komandalara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.

Elə həmin gün 2021-ci il üçün təqvim planına uyğun olaraq, ümumtəhsil məktəblərinin 8, 10, 12, 14, 16 yaşlı oğlan və qız şagirdləri arasında şahmat üzrə rayon birinciliyidə keçirilmişdir.