4 mart 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “8 mart -Beynəlxalq Qadınlar günü” münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında şahmat birinciliyi keçirilmişdir.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə rəhbərlik etdiyi birincilikdə 17 komanda, hər komandanın tərkibində 6 qız olmaqla ümumilikdə 102 şagird iştirak etmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini və Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Emin Hacıyev “8 mart-Beynəlxalq Qadınlar günü” münasibətilə qızları təbrik etmiş, yarışın qaydaları haqqında məlumat vermişdir. Daha sonra Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov Muxtar Respublikamızda şahmata göstərilən dövlət qayğısından danışmış və şahmatçılara qələbə sevinci arzulamışlar.
Birincilik "Olimpiya" sistemi üzrə keçirilmişdir. Keçirilən yarışın yekun nəticəsinə əsasən, 3№-li tam orta məktəbin komandası I yerə, 12№-li tam orta məktəbin komandası II yerə, 17№-li tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.
Sonda I, II və III yerləri tutan komandalar və komanda üzvləri təşkilatçıların diplomları ilə mükafatlandırılmışlar.