Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının 2021-ci il üçün Tədbirlər Planına uyğun olaraq Kəngərli rayonunda “5 Mart – Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş şahmat üzrə Naxçıvan Muxtar Respublika komanda birinciliyi keçirilib.
Tədbiri giriş nitqi ilə açan Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı bildirib ki, yarışın keçirilməsində əsas məqsəd şagirdlər arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda onların asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Diqqətə çatdırıb ki, bu gün Ali Məclis Sədrinin diqqət və qayğısı nəticəsində Naxçıvan şahmatı yeni inkişaf dövrünü yaşayır. Çıxışının sonunda o yaradılan şəraitə görə iştirakçılar adından Ali Məclis Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının şahmat üzrə qadınlardan ibarət yığma komandasının baş məşqçisi, beynəlxalq usta, beynəlxalq hakim Fikrət Sideifzadə bildirib ki, ölkəmizdə idman sahəsinə göstərilən böyük diqqət və qayğı Naxçıvan Muxtar Respublikasını da geniş əhatə edib. Son illər digər idman növləri ilə yanaşı, intellektual idman növü olan şahmatın da maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, beynəlxalq hakim Emin Hacıyev yarış iştirakçılarına oyunun qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının təşkilatçılığı ilə Şahmat məktəbində reallaşan birincilikdə 8 komanda “Dairəvi” sistem üzrə mübarizə aparıb. Hər komanda 4 oğlan və 2 qız şahmatçı ilə təmsil olunub. Görüş gigiyenik qaydalar gözlənilməklə keçirilib. Ümumtəhsil məktəblərinin 14 yaşadək şahmatçıları arasında keçirilən birinciliyin sonunda Naxçıvan şəhər komandası I, Babək komandası II, Ordubad komandası isə III yerə layiq görülüb. Sonda qalib komandalar kubok və medallarla təltif olunublar.