Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında ümumtəhsil məktəblərində təhsil alan 14 yaşadək oğlan və qız şahmatçılar arasında rayon birinciliyi keçirilib.
     Yarışı giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bütün şahmatçıları qələbə münasibətilə təbrik edib. Qeyd edib ki, uğurlu II Qarabağ müharibəsi həm dövlətimizin, həm xalqımızın, həm də Azərbaycan ordusunun həyatında əlamətdar hadisədir. Bu uğurlu əməliyyatlar dövlətimizin iqtisadi gücünü, ordumuzun qüdrətini, peşəkarlığını, işğal altındakı torpaqları azad etməyə hər an hazır və qadir olduqlarını bir daha göstərdi. II Qarabağ müharibəsi də vətən uğrunda mübarizəmizin ən yaddaqalan səhifələrindəndir. Tarixi zəfərimiz Azərbaycan xalqının iftixar və qürur mənbəyidir.
      Daha sonra yarışa start verilib. Yarış “İsveçrə” sistemi ilə şəxsi birincilik formasında, 14 yaşadək oğlan və qız şahmatçılar arasında keçirilib. Yarışın yekun nəticələrinə əsasən, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Allahverdiyev Zahid I, Xok kənd tam orta məktəbinin şagirdi Abdullayev Əbdüləzim II, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Cəfərli Anar III, qızlar arasında isə Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Rzalı Məhcəbin I, Rzayeva Sara II, Süleyman Nur III yerə layiq görülüb. Sonda qaliblərə təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.