18 fevral 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Emin Hacıyev elektron şahmat proqramları, “Yarımaçıq debütlər haqqında məlumat” və “Məsələ həlli” haqqında ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.


Vurğulanıb ki, yarımaçıq debütlər ağların 1.e4 gedişinə qarşı qaraların istənilən cavabı ilə yaranır. Fransız müdafiəsi, Siciliya müdafiəsi, Karo-Kann müdafiəsi kimi bir sıra çox oynanılan debütlər də yarımaçıq debütlərə aiddir. Fransız müdafiəsinə aid oyunu təhlil aparılaraq bildirilib ki, bu debütdə ağlar piyadalar ilə mərkəzdə yaxşı mövqe əldə etməyə çalışır, qaralar isə buna mane olur. Digər debütlərdə olduğu kimi, bu debütdə də fiqurların aktivləşməsi əsas şərtdir. “Məsələ həlli”ndə isə şagirdlərə 2 gedişli mata aid məsələlər təqdim olunub.

İnteraktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı saat 15:00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib. İnteraktiv dərs­ zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.