Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində ali və orta ixtisas təhsili müəssisələri arasında şahmat yarışı keçirilmişdir.
6 komanda arasında keçirilən yarışda şahmatçı tələbələr iştirak etmişdir. Yarış başlamazdan əvvəl Naxçıvan Şahmat Federasiyasının Sədr müavini, beynəlxalq dərəcəli hakim Emin Hacıyev yarışı giriş sözü ilə açmış, tələbə şahmatçılara uğurlar arzulamışdır. Naxçıvan Müəllimlər İnstitutunun Tələbə Gənclər Təşkilatının sədri Ayxan Hüseynli muxtar respublikada idman şahmat növünə göstərilən diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, muxtar respublikamızda yeni inkişaf dövrünü yaşayan və xüsusi əhəmiyyət kəsb edən idman növlərindən biri şahmatdır. Gənclərin şahmatla məşğul olması onlarda zehni fəaliyyətin və sağlam iradənin inkişafına ciddi təsir göstərir. Naxçıvan MR Şahmat Federasiyası həyata keçirdiyi kompleks tədbirlərdə şahmatın inkişafının davamlı xarakter almasına şərait yaradır. Bu da gənclərin qarşıya çıxan imkanlarının dəyərləndirilməsi kimi qabiliyyətləri formalaşdırır.
Yarış dairəvi sistem üzrə keçirilmişdir. Naxçıvan Dövlət Universitetinin tələbələri I, Naxçıvan Müəllimlər İnstitutunun tələbələri II, Naxçıvan Texniki Kollecinin tələbələri III yerlə qərarlaşıblar.
Sonda qaliblər mükafatlandırılmışdır.